İyunun 12-də VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2025) öz işinə başlayıb.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı və Paşa Holdinq şirkətlər qrupunun baş sponsorluğu ilə təşkil olunan VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2025) iyunun 14-dək davam edəcək. UNEC-in 95 illik yubileyinə həsr olunan builki konfrans “Dairəvi iqtisadiyyat və dayanıqlı ekosistem” mövzusuna həsr olunub.
Konfrans iştirakçıları öncə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüblər, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən konfransın açılışında UNEC rektoru professor Ədalət Muradov, elm və təhsil nazirinin mavini Həsən Həsənli, xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, UI GreenMetric Dünya Universitetləri reytinqinın təsisçisi professor Riri Fitri Sari, “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova və “Weevo Srl Benefit” şirkətinin həmtəsisçisi Gabriele Carboni çıxış ediblər.
Rektor Ədalət Muradov builki konfransda 24 ölkədən 57 xarici tədqiqatçının iştirak etdiyini, konfransa təqdim olunan elmi məqalələrdən 224-nün seçilərək, xülasələr kitabında təqdim olunduğunu deyib. Rektor UNEC-in strateji hədəflərindən söz açıb və universitetin bu hədəflərə doğru inamla irəlilədiyini bildirib. O, UNEC-in elmi fəaliyyətinə dair statistik məlumatları bölüşərək, "Web of Science" və "Scopus" indeksli elmi məqalələrin sayının artım tempinə görə UNEC-in dünyada lider olduğunu deyib.
Ə.Muradov ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda təhsil və elm sahəsində süni intellektin tətbiqi ilə bağlı tapşırıqların olduğunu diqqətə çatdıraraq, bu istiqamətdə UNEC-də həyata keçiriləcək layihələrdən söz açıb. Ə.Muradov 2024-cü ilin ikinci yarısından etibarən universitetdə elmi fəaliyyətin rəqəmsallaşdırılması layihəsinə start verildiyini diqqətə çatdırıb: "Bu sistem elmi fəaliyyətin rəqəmsal əsasda idarəolunması, maliyyələşdirilməsi və stimullaşdırılmasına xidmət edəcək. Məqsədimiz həm də araşdırmaların vahid platformada toplanması və şəffaflığın təmin edilməsidir". Rektor rəqəmsal platformanın bir neçə əsas funksiyanı özündə birləşdirəcəyini diqqətə çatdırıb. O, qeyd edib ki, rəqəmsal platforma elmi fəaliyyətin effektiv və şəffaf idarə olunmasını təmin etməklə yanaşı, məqalə və istinad sayı, qrantlar və digər fəaliyyətlərin illik performans dəyərləndirməsini asanlaşdıracaq. Ə.Muradov ölkədə elmi fəaliyyətin şəffaflığının təmin olunması üçün vahid plagiat sisteminin yaradılmasına ciddi ehtiyacın olduğunu bildirib.